“Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda tədbir keçirilib
Mayın 6-da Göyçay Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda tədbir keçirilib.
Xüsusi karantin rejiminin qaydalarına əməl etməklə keçirilmiş tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova, müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycan xalqının tarixən formalaşmış zəngin tolerantlıq ənənələri artıq uzun illərdir ki, bütün dünyada bir örnək olaraq qəbul olunur. Azərbaycanda təmsil olunan bütün konfessiyaların nümayəndələrinin dövlətimizlə həmrəylik nümayiş etdirməsi, eləcə də Vətən müharibəsi üçün səfərbər olunması ölkəmizin burada yaşayan bütün dini və etnik qrupların əzəli və əbədi, bölünməz Vətəni olduğunu göstərir.
Azərbaycan xalqı müxtəlif dini və etnik qruplardan təşkil olunsa da, onları birləşdirən müqəddəs dəyərlər var. Bu dəyərlərin içərisində ən ümdəsi ortaq Vətən və əsrlər boyu formalaşmış, qarşılıqlı hörmət və etimada əsaslanan dəyərlərdir.
Azərbaycanın cənubunda, şimalında, şərqində və qərbində yaşayan azsaylı xalqların gənclərinin Vətən müharibəsində iştirakından, onların torpaqlarımız uğrunda Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən "Dəmir Yumruq” adlı sənədli film tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.

