“Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu" mövzusunda onlayn konfrans keçirilib
İyunun 18-də Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Biləsuvar rayon Təhsil Şöbəsi və Biləsuvar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu" mövzusunda onlayn konfrans keçirilib. Tədbirdə təşkilatçı qurumların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev bildirib ki, tarixi təcrübə göstərir ki, öz tarixinə, soykökünə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər tarixi prosesdə "əriyib" yox olmuş və tarix səhnəsindən birdəfəlik itmişlər. Ona görə ki, hər hansı bir xalqı, dövləti məhv etmək üçün onu milli dəyərlərindən ayırmaq kifayətdir. Bir toplumun mövcudluğunun saxlanılması üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli-mənəvi dəyərləri qorumaq lazımdır.
Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev qeyd edib ki, Azərbaycanın ən yeni tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinin şahidi oluruq. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu Öndər xalqımızın azərbaycançılıq ideologiyasının əsasında gələcəyə gedən yolunu böyük uzaqgörənliklə müəyyən etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz Heydər Əliyev bu sahədə lazımlı addımların atılmasına zəmin yaratmışdır. Məhz bunun nəticəsində milli-mənəvi dəyərlər sistemimiz daha da güclənmiş, aşınmadan xilas olmuş, milli dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfəsini vermişdir.
***
İyunun 18-də Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Neftçala rayonunda “Xalqımızın tolerantlıq ənənələrinin və multikultiralizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda videokonfrans keçirilib. Tədbirdə DQDİK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər və tolerantlıq mühiti, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi, ölkəmizdə multikultural dəyərlərə böyük önəm verilməsi, bu sahədə aparılan uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanın dünya ölkələrinə nümunə olması barədə danışılıb.




