“Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusu müzakirə edilib
İyulun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” adlı onlayn seminar-treninq keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı tarixin ən qədim dövrlərindən günümüzə gəlib çatmış, bu uzun və keşməkeşli dövrdə saysız çətinliklərlə üzləşmiş, lakin günümüzdə də öz aktuallığını itirməmiş olan milli və mənəvi dəyərlərimizdən geniş söhbət açılıb. Qloballaşan dünyada öz dəsti xətti ilə seçilən Azərbaycan xalqının soy köklərinə bağlı qalması və bu siyasətin həyata keçirilməsində cənab Prezident İlham Əliyevin müstəsna xidmətlərinin olması dönə-dönə vurğulanıb. Azərbaycanın öz müstəqilliyini əldə etdiyi ilk illərdən başlayaraq Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq bu gün ölkəmizdə müxtəlif adət və ənənələrə malik olan xalqların dostluq və mehribanlıq şəraitində bir yerdə yaşamasının önəmi qeyd edilib.
Sonda keçirilən bu qəbildən olan tədbirlərin Vətənə sevgi hisslərinin aşılanması, gənclər arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, milli xarakter və milli mənəviyyatın formalaşması baxımından əhəmiyyətli rola malik olduğu qeyd edilib.


