“Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib
Martın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Göyçay şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşları, mədəniyyət işçiləri, aktiv fəaliyyəti ilə seçilən gənclər iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək adət-ənənələri, yüksək mənəvyyatı ilə diqqətləri cəlb edib. İllər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Eyni zamanda adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolu yüksək qiymətləndirən Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin “Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir” fikri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
