Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.02.2017

Xaçmazın “Təzə şəhər” məscidində Xocalı faciəsi anılıb

 Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhəri “Təzə şəhər” məscidində Xocalı faciəsinin 25-ci il dönümünə həsr edilmiş “Xocalı – qan yaddaşımız” adlı tədbir keçirilib.Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Samid Seyidov, Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşı Araz Rzayev, məscidin axundu Yaşar Rzayev və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məscidin axundu Yaşar Rzayev bildirib ki, İslam dinində köməksiz insanlara əl qaldırmaq qadağandır. Ermənilər Xocalıda misli görünməmiş vəhşilik edib və azərbaycanlıları müsəlman və azərbaycanlı olduqlarına görə kütləvi şəkildə öldürüblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Samid Seyidov məruzəsində tarixin müxtəlif vaxtlarında xalqımıza qarşı həyata keçirilən erməni vəhşiliklərindən danışıb. O bildirib ki, Xocalı faciəsi də azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımı hadisəsidir. O dövrdə hakimiyyətin zəif olması və ölkədə özbaşınalığın hökm sürməsi bu cür faciələrin baş verməsinə gətirib çıxardı. Lakin, Ümummilli Lider Heydər Əliyevin ölkəyə qayıdışı və onun dünya miqyaslı nüfuzu Xocalı faciəsinin də dünya müstəvisində öz qiymətini almasına səbəb oldu. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasət, o cümlədən Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması yolunda atdığı addımlar təqdirə layiqdir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşı Araz Rzayev isə çıxışında Azərbaycan dövlətinin qüdrətli və nizami ordusunun olduğunu xüsusi vurğulayaraq 2016-cı ilin aprel döyüşlərini diqqətə çatdırıb. Natiq qeyd edib ki, Xocalı faciəsi baş verən dövrdə nizami ordunun və vahid komandanlığın olmaması itkilərin sayının daha çox olmasına səbəb olub.
Sonda Azərbaycanın bütövlüyü uğrunda şəhid olan bacı və qardaşlarımızın ruhuna dualar oxunub.