30.11.2017
Xaçmazda “Şəhadət” sənədli filmi nümayiş etdirilib
Noyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Xaçmaz Tarix-diyarşünaslıq muzeyində “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, ictimaiyyət və KİV nümayəndələri, mədəniyyət işçiləri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev qeyd edib ki, Azərbaycan dünyada tolerantlıq və multikultural dəyərlər baxımından nümunə olan ölkələrdəndir. 2017-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunması və bu il çərçivəsində təkcə yerli səviyyədə deyil, beynəlxalq aləmdə həyata keçirilən tədbirlər, ölkəmizin ortaya qoyduğu həmrəylik prinsipləri dünya dövlətlərinin diqqətini çəkir. E. Nurullayev bildirib ki, Vətənə, doğma torpağa sevgini də imanın təzahürü kimi qəbul etmək lazımdır. Belə ki, İslamın inanc konsepsiyasının sütunlarından biri Vətənə sevgidir.
Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev dini biliyi az olan gənclərin aldanaraq radikal qrupların əlində alətə çevrildiklərini, daha sonra isə onların müharibə ocaqlarında qeyri-qanuni hərbi birləşmələrin tərkibində döyüşdüklərini diqqətə çatdırıb.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib, dini radikalizmin fəsadları və onunla mübarizə yolları müzakirə edilib.