Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.06.2021

Xaçmazda radikalizm və ektremizmə həsr olunmuş onlayn tədbir keçirilib

İyunun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Xaçmaz rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” adlı onlayn tədbir keçirilib.

Tədbirdə təşkilatçı qurumların əməkdaşları, din xadimləri və gənclər iştirak ediblər.

Onlayn tədbirdə çıxış edən DQİDK-nın  Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov radikal dini qruplaşmaların təbliğat metodları, gəncləri özlərinə cəlb etmək üçün istifadə etdikləri üsulları iştirakçıların diqqətinə çatdırıb. Natiq qeyd edib ki, radikal dini qrupların təbliğat metodları fərqli olsa da mahiyyət və mövzu eynidir. Hər bir radikal qrup yaşadıqları və fəaliyyət göstərdikləri ərazilərdə ilk növbədə ikitirəlik yaratmağa, mövcud sabitliyi pozmağa çalışırlar. F. Məmmədov xüsusi olaraq vurğulayıb ki, gənclər bu sahədə olduqca diqqətli olmalı, ənənələrimizə və milli-mənəvi dəyərlərimizə yad təbliğat aparan qruplaşmaların təkliflərinə aldanmamalıdırlar.     

Çıxış edən digər tədbir iştirakçıları gənclərin inkişaf etdirilməsi sahəsində dövlətin xüsusi proqram və layihələrinin olduğunu, asudə vaxtın səmərəli təşkili, vətənpərvərlik sahəsində maarifləndirmənin sistemli şəkildə həyata keçirilməsi barədə dolğun məlumatlar veriblər.