Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.10.2018

Xaçmazda narkomaniya əleyhinə tədbir keçirilib

Oktyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonu Köhnə Xaçmaz kənd tam orta məktəbində  “Sağlam həyat və yüksək mənəviyyat üçün narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Pərviz Əmircanov, Xaçmaz rayon Təhsil şöbəsinin əməkdaşı İmran Müseyibov və məktəb kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Pərviz Əmircanov qeyd edib ki, narkomaniya bəşəriyyətin ən qorxulu xəstəliklərindən biridir. Dünyada narkomaniyaya yoluxmuşların əksəriyyəti təəssüf ki, gənclərdir. Azərbaycanda bu bəlaya düçar olanların sayı bir o qədər olmasa da Azərbaycan dövlətini narahat edir və onların reablitasiyası üçün əlindən gələni edir. Həyata keçirilən Dövlət Proqramının da əsas mahiyyəti bundan ibarətdir.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov  çıxış edərək bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini sahədə maarifləndirmə işi aparmaqla yanaşı gənclərin və yeniyetmələrin pis vərdişlərə yiyələnməsinin qarşısının alınması sahəsində də müəyyən maarifləndirici tədbirlər icra edir. Bu silsilədən narkomaniya əleyhinə həyata keçirilən tədbirləri də göstərmək olar. Narkotik vasitə aludəçisi olan gənc onda yaranan ehtiyacı ödəmək üçün istənilən yola getməyə hazır olur. Natiq xüsusi vurğulayıb ki, dini radikalizmi təbliğ edən qruplar üçün narkomaniyaya düçar olan gənclər əsil canlı hədəfdir. Onlar bu qəbil gəncləri şirnikləndirərək öz tərəflərinə çəkir, müəyyən bir vaxt onlarda yaranan aludəçiliyi qarşılamaq üçün maddi köməklik edir və sonda onlardan öz məqsədləri üçün istifadə edirlər.

Xaçmaz rayon Təhsil şöbəsinin əməkdaşı İmran Müseyibov çıxışında vurğulayıb ki, təhsil sahəsində də narkomaniyanın vura biləcəyi ziyan tələbə və məktəblilərin diqqətinə mütəmadi olaraq çatdırılır.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) 2018-ci il üçün nəzərdə tutulan İş Planına uyğun olaraq keçirilib.