Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.09.2017

Xaçmazda narkomaniya əleyhinə tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın İş Planına uyğun olaraq, Xaçmaz şəhərində DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkomaniya cəmiyyətin bəlası kimi” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Xaçmaz Rayon İcra Hakimiyyəti Aparatının İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, Xaçmaz rayon Təhsil şöbəsinin əməkdaşı İmran Müseyibov və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyəti Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev qeyd edib ki, narkomaniya bəşəriyyətin ən qorxulu xəstəliklərindən biridir və dünyada narkomaniyaya yoluxmuşların əksəriyyəti təəssüf ki, gənclərdir. O qeyd edib ki, Azərbaycanda bu bəlaya düçar olanların sayı bir o qədər olmasa da Azərbaycan dövlətini narahat edir və onların reablitasiyası üçün əlindən gələni edir. Həyata keçirilən Dövlət Proqramının da əsas mahiyyəti bundan ibarətdir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev çıxış edərək, bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini sahədə maarifləndirmə işi aparmaqla yanaşı, gənclərin və yeniyetmələrin pis vərdişlərə yiyələnməsinin qarşısının alınması sahəsində də müəyyən maarifləndirici tədbirlər icra edir. Bu silsilədən narkomaniya əleyhinə həyata keçirilən tədbirləri də göstərmək olar. Narkotik vasitə aludəçisi olan gənc onda yaranan ehtiyacı ödəmək üçün istənilən yola getməyə hazır olur. Natiq xüsusi vurğulayıb ki, dini radikalizmi təbliğ edən qruplar üçün narkomaniyaya düçar olan gənclər əsil canlı hədəfdir. 
Xaçmaz rayon Təhsil şöbəsinin əməkdaşı İmran Müseyibov çıxışında vurğulayıb ki, təhsil sahəsində də narkomaniyanın vura biləcəyi ziyan tələbə və məktəblilərin diqqətinə mütəmadi olaraq çatıdırılır.
Qeyd edək ki, tədbir Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar keçirilib.