Şriftin ölçüsü:
Saytın rəngi:
“Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər” mövzusunda Xaçmaz şəhərində keçirilən regional konfrans işini panel sessiyalarla davam etdirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən 1-ci paneldə “Şimal bölgəsində dini durum: mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusu müzakirə edilib.
Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin müdiri Ramin Xudayev şimal bölgəsindəki dini durum haqqında ətrafı məlumat verərək, bir sıra məsələlərə diqqət çəkib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev dinin siyasiləşdirilməsinin mənfi təzahürləri, o cümlədən dini-ideoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılması vacib olan addımlardan danışıb.
Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov dini radikalizmlə mübarizədə ənənəvi irfan məktəbinin, həmçinin bölgə üçün xas olan dini ənənələrin din xadimləri arasında milli müstəvidə təbliğinin vacibliyinə toxunub.
Qafqaz Müsəlmanları İdarəsinin Xaçmaz rayonu üzrə qazısı Yaşar Rzayev dini müstəvidə ideoloji təhlükəsizliyin təhdidə məruz qaldığı sosial şəbəkə platformalarında maarifləndirmənin önəmini vurğulayıb.
Regional konfransın “Ənənəvi İslam: tarixi təcrübə və müasir reallıqlar” adlı panel sessiyasına Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov moderatorluq edib.
Aİİ-nin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əhməd Nizayov İslam dinində adət-ənənələrin yeri və Azərbaycandaki ənənəvi İslamin ictimai-sosial resursları barədə fikirlərini bölüşüb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev milli kimlik – dini kimlik toqquşmasının ortaya çıxmasına, milli şüur, vətənpərvərlik, adət-ənənə və ənənəvi dəyərlərin zəiflədilməsinə yönəlmiş destruktiv tendensiyalar haqqında fikirlərini səsləndirib.
Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov isə çıxışında fərqli fikirlərə, məzhəblərə münasibətdə tolerantlıq və dialoqun roluna toxunub.
Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, “İlahiyyat” məscidinin imamı Vüqar Səmədov “Ənənəvi dindarlıq və müasir çağırışlar” mövzusunda çıxış edib.
Regional konfransın əsas hədəfləri ilə bağlı aparılan fikir mübadiləsi və səsləndirilən təkliflərdən sonra tədbir yekunlaşıb.