Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.02.2017

Xaçmazda “Dini radikalizmlə mübarizənin metodologiyası: nəzəriyyə və praktika” adlı tədbir keçirilib

Fevralın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonu Xudat şəhəri 4 saylı tam orta məktəbdə “Dini radikalizmlə mübarizənin metodologiyası: nəzəriyyə və praktika” adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, şöbənin məsləhətçisi Əli Həziyev, Maliyyə - təsərrüfat şöbəsinin müdiri Oqtay Hüseynov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının nümayəndələri, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev bildirib ki, dini radikalizm müasir dövrün ən böyük bəlalarındandır. O qeyd edib ki, dini biliyi olmayan, dinin əsl mahiyyətini dərk etməyən gənclər bəzən bilmədən bu yola düşürlər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxışında vurğulayıb ki, dünyanın dini radiakalizmin törətdiyi acı nəticələrin qarşısında aciz qaldığı bir zamanda Azərbaycan dövləti düzgün ideoloji iş apararaq ölkəmizi bu cür qarışıqlıqlardan uzaqda tuta bilib.
DQİDK-nın Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarov tədbirdə çıxış edərək qeyd edib ki, dini radikalizmlə mübarizənin əsas istiqamətlərindən biri düzgün maariflənmə və bilik əldə etmədir. O, vurğulayıb ki, gənc nəsil var qüvvəsini elmə və sağlam inkişafa həsr etməklə öz müstəqil dövlətlərini, milli-mənəvi dəyərlərini qorumağa çalışmalıdır.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.