28.12.2016
Xaçmazda dini icmaların iştirakı ilə ilin yekunları təhlil edilib
Dekabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə dini durumun vəziyyəti ilə bağlı ilin yekunları və bu sahədə növbəti ildə görüləcək işlərə dair müşavirə keçirilib.
Müşavirədə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini, polis polkovniki Teymur Mehralıyev, bələdiyyə sədrləri, dini icma sədrləri, imam və axundlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ceyhun Musayev rayondakı dini durumu təhlil edərək bildirib ki, il ərzində dini sahədə bir sıra uğurlar əldə edilib. Ölkədə 2016-cı ilin “Multikulturalizm ili” olması da bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyət və keyfiyyət dərəcəsini artırıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev məruzəsində Dövlət Komitəsinin 2016-cı ildə gördüyü işlər, verilən tapşırıqların icra vəziyyəti, 2017-ci ildə qarşıda duran vəzifələr, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvalarının yerinə yetirilməsi məsələləri, o cümlədən bölgədəki dini durum, əldə edilən nailiyyətlər və nöqsanlar barədə danışıb.
Xaçmaz RPŞ-nin rəis müavini, polis polkovniki Teymur Mehralıyev çıxış edərək dini sahəyə dövlətin xüsusi diqqət ayırdığını, dindarların sərbəst və təhlükəsiz ibadət etmələri üçün şəraitin yaradıldığını qeyd edib.
Sonda iştirakçıların sualları cavablandırılıb.