12.07.2017
Xaçmazda “Birliyimiz həmrəyliyimizdədir” adlı tədbir təşkil olunub
İyulun 12-də ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Birliyimiz həmrəyliyimizdədir” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, şöbənin əməkdaşı Samid Seyidov, Yalama kənd məscidi dini icmasının sədri Namik Osmanov və kənd ictimaiyyəti iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev çıxışında icra olunan layihənin məqsədinə toxunaraq, qeyd edib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ölkəmizdə dini sahədə normal mühitin mövcud olmasından xəbər verir. Azərbaycanda dini durumun sabitliyi, tolerantlıq mühiti dünya ölkələrinin bir çoxunun diqqətini çəkib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Samid Seyidov Azərbaycanda təkcə müsəlmanların deyil digər dinlərin də nümayəndələrinin sərbəst və azad şəkildə ibadət etdiklərini qeyd edib. O bildirib ki, dövlətimiz, sinaqoq, kilsə və məscidlərin qorunub saxlanılması üçün tədbirlər həyata keçirir, onların normal fəaliyyət göstərmələri üçün şərait yaradır. Ölkədə mövcud olan həmrəyliyin tarixi köklərinə toxunan məruzəçi bu günümüzdə də bu həmrəyliyin davam etdirilməsi üçün dövlətin atdığı addımları vurğulayıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara dini maarifləndirici ədəbiyyatlar paylanılıb.