26.01.2018
Xaçmaz rayonu Qobuqırağı kənd məscidində “Şəhadət” filmi nümayiş etdirilib
Yanvarın 26-da Xaçmaz rayonu Qobuqırağı kənd məscidində “Şəhadət” filmi nümayiş etdirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov, məscidin imamı Elvin İdayetov, kənd bələdiyyə sədri Rafiq Əhmədov, kənd ağsaqqalları və din xadimləri iştirak ediblər.
Filmin nümayişindən əvvəl çıxış edən məscidin imamı Elvin İdayətov bildirib ki, “Şəhadət” bütün məscidlərdə nümayiş etdirilməli və radikalizmin nə qədər təhlükəli tendensiya olduğu təbliğ olunmalıdır.
Sonra DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov çıxış edib. O qeyd edib ki, dövlət bütün vətəndaşlara, o cümlədən dindarlara qayğını əsirgəmir, onların rahat və səliqəli məscidlərdə ibadət etmələri üçün şərait yaradılır. Lakin xarici qüvvələrin təsiri altında fəaliyyət göstərənlər bu inkişafı və tərəqqini görmək istəmir, insanlarımızı düz yoldan azdırmağa çalışırlar. Bunun da acı nəticələrini Suriyada, İraqda və digər dövlətlərdə gedən müharibələrdə görürük. Son illər aparılan təbliğat, dini maarifləndirmə işi onu deməyə əsas verir ki, bizim vətəndaşlarımız bu cür müharibələrdə iştirak etmək istəmir, əksinə, öz ölkələrinin azadlığı və işğalda olan torpaqların qurtarılması ilə bağlı Ali baş komandanın əmrini gözləyirlər.
Sənədli film nümayiş etdirildikdən sonra iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
.jpg)
