Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.03.2013

Vyanada "Bakı Platforması" təqdim edilib (Foto)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə 2012-ci ilin dekabr ayının 19-21-də Bakıda keçirilən “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun yekunu olaraq yaradılan “Bakı platforması” Vyanada BMT-nin Sivilizasiyalar Alyansının V Dünya Forumunda geniş təqdim edilmişdir.

DQİDK-nın sədri Elşad İskəndərov iki gün ərizində keçirdiyi çoxsaylı ikitərəfli göruşlərdə dinlərarası əlaqələrin möhkəmlənməsinə və dünyanın aparıcı dini liderlərini sıralarında birləşdirməsinə çalışan və Bakı platforması adı ilə yaradılan şəbəkəni tərəf müqabillərinə təqdim etmişdir. Dövlət komitəsinin sədri Mərkəzi Vyanada yerləşən Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Əbdürrəhman bin Müəmmər ilə görüşdə Bakı platformasının müasir dünyada dini liderlərin konkret layihələr hayata keçirilməsi sahəsində bir araya gələ biləcəklərinin bariz sübutu ola biləcəyini vurğulamışdır. Görüşdə Azərbaycanın tolerantlıq modeli haqqında ətraflı danışan Elşad İskəndərov bu platformda birləşən din xadimləri vasitəsilə artıq dialoqun sadəcə tolerantlıq səviyyəsindən qarşılıqlı hörmət və əməkdaşlıq səviyyəsinə qaldırılmasının vaxtının gəldiyini qeyd etmişdir. İki qurum arasında əldə edilən razılığa əsasən Azərbaycanın təşəbbüsü olan bu şəbəkənin Vyana mərkəzində birgə təqdimatının keçirilməsi qərarlaşdırılmışdır.

Bununla yanaşı, Komitə tərəfindən hazırlanmış Bakı platforması və I Beynəlxalq Bakı Forumu haqqında kitab Vyanada keçirilən Sivilizasiyaların Alyansı Forumunda geniş təqdim olunmuşdur. Vyanada BMT-nin Sivilizasiyalar Alyansının V Dünya Forumu çərçivəsində təşkil edilən stentdə Beynəlxalq Formula bağlı məlumatlar, dərgilər, o cümlədən “Bakı platforması” iştirakçılara təqdim olunmuşdur. İki min iştirakçının qatıldığı Vyana Forumunda nəşr böyük maraqla qarşılanmışdır. Kitabda yer alan Beynəlxalq Forum iştirakçılarının fikirlərində Azərbaycanda mövcud tolerant mühit, o cümlədən dinlərarası və mədəniyyətlərarası münasibətlər təqdir olunmuşdur.

 Qeyd edək ki, artıq iki gündür davam edən Forumda bir sıra din və elm adamları "Bakı Platforması”na qoşulacaqlarını açıqlamışlar.