19.09.2017
Vətənpərvərliyin təbliğində dini icmaların da üzərinə məsuliyyət düşür
Sentyabrın 19-da İmişli rayonu Şahverdili kənd şəhid Fikrət Cəbrayılov adına tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin ən önəmli tərkib hissəsidir”mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ümumi şöbəsinin baş məsləhətçisi Aqşin Əliyev, İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin aparıcı məsləhətçisi Elbəy Dəmirov, İmişli rayonu Şahverdili kənd ”Əhli-beyt” məscidi dini icmasının sədri Elnur Abbasov, Şahverdili kənd şəhid Fikrət Cəbrayılov adına tam orta məktəbin direktoru Xurşud Əliyeva, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
İmişli rayonu Şahverdili kənd “Əhli-beyt” məscidi dini icmasının sədri Elnur Abbasov bildirib ki, lahiyə çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi sağlam dini biliklərə söykənən maarifləndirmənin aparmaqla yanaşı, gənc nəslə milli-mənəvi dəyərlərimizə hörmət hisslərini aşılamaq, onların müasir və sağlam düşüncəli şəxsiyyət kimi formalaşmalarına yardım etməkdir.
DQİDK-nın Ümumi şöbənin baş məsləhətçisi Aqşin Əliyev qeyd edib ki, gənclərimizin vətənpərvər ruhda böyümələri üçün şərait yaratmaq qarşıda duran əsas məqsəddir. Vətəni sevmək, onu qorumaq çox önəmlidir. Bunun üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda formalaşmalıdırlar. Natiq vətənpərvərliyin təbliği istiqamətində dini icmaların da üzərinə məsuliyyət düşdüyünü vurğulayıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov Azərbaycandakı dövlət-din münasibətləri haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, gənclərimizə vətənə məhəbbət hissini aşılamaq günümüzün aktual mövzularındandır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və Komitə tərəfindən çap olunmuş ədəbiyyatlar paylanıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.