15.11.2017
Vətənpərvərlikdən uzaq şəhadət mümkün deyil
Noyabrın 15-də Bakı İslam Universitetinin Zaqatala şöbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müdiri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, müəllimlər və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müdiri, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov qeyd edib ki, Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimiz hər bir gənc üçün nümunə olmalıdır. O, şəhidlərimizin ölməz xatirəsinə həsr olunmuş “Şəhadət” filminin gənclərə yad, zərərli düşüncələrdən uzaq, vətənpərvər olmaq yolunda bələdçi olacağını bildirib.
Şəhadət devizi altında müxtəlif radikal və ekstremist dini qruplaşmaların təbliğatlarından bəhs edən DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov qeyd edib ki, şəhidlik vətənpərvərliyin əsas hissəsidir, vətənpərvərlikdən uzaq şəhadət mümkün deyil. O, Azərbaycan xalqının tarixboyu bir çox qəhrəmanlar yetişdirdiyini, bu gün də bu ənənənin daha yüksək səviyyədə davam etdiyini vurğulayıb.