Vətənpərvərlik dini radikalizmə qarşı aparılan mübarizədə ən önəmli vasitədir
Aprelin 12-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən birgə imzalanan Tədbirlər Planına əsasən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin və Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçlığı ilə Beyləqan rayonundakı "N" saylı hərbi hissədə “Vətənpərvərlik dini radikalizmə qarşı aparılan mübarizədə ən önəmli vasitədir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, hərbi hissənin İctimaiyyətlə əlaqələr şöbəsinin baş köməkçisi polkovnik-leytenant Şöhrət Əhmədov, hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini mayor Valeh Mustafayev, Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.
Tədbir iştirakçıları ilk olaraq Aprel döyüşləri zamanı Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Beyləqan rayon “N” saylı hərbi hissənin İctimaiyyətlə əlaqələr şöbəsinin baş köməkçisi polkovnik-leytenant Şöhrət Əhmədov bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin şəxsi heyətinin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə məqsədyönlü iş aparılır. Bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması baxımından böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Daha sonra DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verərək bu cür mənfi meyillərin yaranma səbəblərinin qarşısının alınması yollarından ətraflı bəhs edib. Qeyd edib ki, radikalizmi meydana gətirən əsas səbəblərdən biri İslam dini haqqında məlumatsızlıq və ümumilikdə dini biliklərin zəif olmasıdır. Ona görə də dini radikalizmlə mübarizə işində başlıca istiqamət dini maarifçilik, milli-mənəvi dəyərlərin qorunması və təbliği işinin mütəmadi aparılmasıdır.
Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyər barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması, Vətənə, dövlətə bağlılıq ruhunda tərbiyə olunması istiqamətində respublikanın bütün regionlarında müxtəlif tədbirlər həyata keçirilir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.