14.10.2017
Vətənə bağlılıq milli-mənəvi dəyərlərimizə, tariximizə, adət-ənənələrimizə, dinimizə bağlılıqdı
Oktyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icması tərəfindən Çarhan kəndində “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” layihəsi çərçivəsində “İslamda vətən sevgisi” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Komitənin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Rəşad Əliyev, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı RİH başçısının Çarhan kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsinin müavini Eldəniz Süleymanov, Çarhan kənd məscidinin imamı Cavid Seyfullayev, müəllimlər və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli İslam dinində Vətənə, torpağa bağlılığın əhəmiyyətindən və Vətən sevgisinin müqəddəsliyindən bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dinimizin vətəni İlahi əmanət kimi təqdim etməsindən, eyni zamanda ona məhəbbət bəsləməyi zəruri bilməsindən danışıb. Bildirib ki, vətənimizə bağlılıq milli-mənəvi dəyərlərimizə, ailəmizə, bayrağımıza, dilimizə, tariximizə, adət-ənənələrimizə, dinimizə bağlılıqdır.
QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev öz çıxışında qeyd edib ki, dinimizə görə Vətəni qorumaq müqəddəsdir vəzifədir. O, həmçinin İslamda şəhidlik zirvəsi haqqında danışıb.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Rəşad Əliyev ölkəmizdə dini maarifləndirmə işinin yüksək səviyyədə olmasından, dövlətimiz tərəfindən bu sahəyə daim həssas yanaşıldığından bəhs edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran sualar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.