30.08.2017
Vətən sevgisi imandan gəlir
Avqustun 29-da Balakən rayonunun Kortala kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kortala kənd dini icması tərəfindən “İslam dinində vətən sevgisi və şəhidlik” layihəsi çərçivəsində “İslam dəyərlərini düzgün anlamaq üçün sağlam dini biliklərə malik olmağın əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev bildirib ki, dini radikalizmin yayılmasının əsas səbəblərindən biri İslam dini ilə bağlı bilgilərin tam olmaması və məlumatsızlıqdır. O vurğulayıb ki, dini radikalizmə qarşı maarifləndirmə vasitəsilə mübarizə aparmaq olar.
QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov vurğulayıb ki, Vətən sevgisi imandan gəlir və onu qorumaq, lazım gələrsə uğrunda şəhid olmağa hər an hazır olmalıyıq. Bu gün bəzi radikal dini qruplar bizim bu müqəddəs dəyərlərimizi təhrif edir, şəhidlik zirvəsinə yalnız din uğrunda savaşaraq çatmağı mümkün hesab edirlər. Bununla da, vətəndaşlarımızı aldadaraq Yaxın Şərqdə mövcud münaqişə ocaqlarına çəkməyə çalışırlar.
Tədbirdə çıxış edən Balakən RİH başçısı Aparatının nümayəndəsi Fariz Nəcəfov bildirib ki, Vətəni qorumaq hər birimizin milli-mənəvi borcumuzdur. Hər bir Azərbaycan vətəndaşı, hər bir dindar gənc dindar olmaqla yanaşı, öz vətəndaşlıq mövqeyinə yiyələnməlidir. Vətəndaşlıq mövqeyi isə azərbaycançılıq ideyasının gənclər tərəfindən mənimsənilməsi yolu ilə əldə olunur.
Layihənin rəhbəri Kortala kənd məscidi dini icmasının sədri Həbib Ziyadov tədbirin keçirilməsi üçün göstərdiyi köməyə görə Dövlət Komitəsinə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
.jpg)
