“Vətən müharibəsi – 5 il: Birliyin zəfəri” adlı tədbir keçirilib
Noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5 illiyinə həsr olunan “Vətən müharibəsi – 5 il: Birliyin zəfəri” adlı tədbir keçirilib.
Tədbirdə dövlət və hökumət nümayəndələri, din xadimləri, Vətən müharibəsi şəhidləri mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, baş leytenant Elvin Əlimovun anası İradə Əlimova, baş leytenant Muxtar Qasımlının atası Əli Qasımov, kiçik çavuş Sərdar İsmayılovun atası Sərvər İsmayılov, baş leytenant Orxan Hüseynovun atası Bəhmən Hüseynov, Yunis Əliyevin atası Zaur Əliyev, polkovnik leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, Ceyhun Mustafazadənin atası Şükür Adilov, əsgər Nicat Qarazadənin atası Malik Qarayev, gizir Vidadi Zalovun atası Nizami Zalov, baş leytenant Hüseyn Nəcəfovun atası Abbasqulu Nəcəfov, əsgər Rahid Sadıxovun atası Vahid Sadıxov, əsgər Dmitriy Solntsyevin bacısı Yuliya Solntsyeva, Bəhram və İman Məmmədzadə qardaşlarının atası Elman Məmmədzadə, Denis Proninin həyat yoldaşı Aynurə Pronina, mayor Şahlar Cəfərovun atası Fəzail Cəfərov, eləcə də Vətən müharibəsi qaziləri və veteranları iştirak ediblər.
Zəfərimizin 5 illiyi münasibətilə təbriklərini çatdıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Zəfərimiz Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi, qəhrəman Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində qazanılmış müqəddəs qələbədir. Biz 30 ilə yaxın davam edən işğala son qoyduq, Vətənimizin ərazi bütövlüyünü bərpa etdik, milli qürurumuzu və dövlətimizin gücünü bütün dünyaya göstərdik. Komitə sədri vurğulayıb ki, Zəfərimizin əsasında xalqımızın birliyi, inancı, Vətən sevgisi və fədakarlığı dayanır. Dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları, ölkəmizin çoxəsrlik tolerantlıq ənənələrinin, multikultural dəyərlərinin canlı sübutu olaraq bir amal uğrunda birləşdilər. Qələbəmizin ruhunun gələcək nəsillər üçün milli qürur və Vətən sevgisi məktəbi olduğunu qeyd edən Ramin Məmmədov şəhidlərimizin ruhunun sonsuz ehtiramla xatırlanacağını, qazilərimizin qəhrəmanlığını daim uca tutulacağını deyib.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov bildirib ki, hər bir xalq üçün ən yüksək zirvə onun qəhrəman xalq kimi tanınması, hər bir dövlət üçün isə ən böyük nemət onun qalib dövlət kimi etiraf olunmasıdır. O, qeyd edib ki, beş il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörənliyi sayəsində tariximizin ən möhtəşəm səhifələrindən biri yazılıb. Əli Əhmədov çıxışı zamanı şəhidlərin xatirəsinin böyük ehtiramla anıldığını vurğulayaraq bildirib ki, qəhrəmanlıq xalqın milli birliyini və inkişafını təmin edən əsas motivasiyadır. Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, Azərbaycan tarixində bir çox böyük qələbələr olsa da, 2020-ci ildə qazanılan Zəfər xüsusi əhəmiyyətə malikdir.
Vətən müharibəsi şəhidi mayor Şahlar Cəfərovun atası Fəzail Cəfərov qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasətinin, xalqımızın birliyinin, dövlətimizin gücünün və əzminin təntənəsi idi. Bu Zəfər bütün xalqın bir araya gələrək yazdığı qəhrəmanlıq dastanıdır. Ön cəbhədə döyüşən əsgərlərimiz, arxa cəbhədə çalışan, yardım edən hər bir vətəndaşımız bu Qələbənin qazanılmasında pay sahibidir. Şəhid atası bildirib ki, Şuşanın azad olunması müharibənin taleyini dəyişən ən böyük qürur anlarımızdan biri oldu. 44 gün ərzində torpaqlarımız azad edildi, 30 illik həsrətə son qoyuldu.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev çıxışında Zəfər Bayramının xalqımız üçün böyük mənəvi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, bu Qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik yolunun və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Fuad Nurullayev vurğulayıb ki, Vətən müharibəsində əldə olunan tarixi qələbə Azərbaycan dövlətinin qüdrətini, xalqımızın sarsılmaz birliyini və vəhdətini bir daha nümayiş etdirdi. Müxtəlif dini konfessiyaların nümayəndələri çiyin-çiyinə döyüşdülər, bir bayraq altında mübarizə apardılar. Bu, ölkəmizdə mövcud olan multikultural və tolerant dəyərlərin canlı təzahürüdür.
Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev bildirib ki, Vətən müharibəsindəki zəfər ilə Azərbaycan xalqının məğrurluğu bir daha öz təsdiqini tapıb və dövlətimiz nələrə qadir olduğunu bütün dünyaya göstərib. İcma sədri ölkəmizdə yaşayan yəhudilərin Azərbaycana dəstək verməyi həmişə özlərinə borc hesab etdiklərini qeyd edərək həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dövründə yəhudi icmasının nümayiş etdirdiyi fədakarlıq və həmrəyliyi qeyd edib.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnov Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin Ali Baş Komandanın ətrafında sıx birləşərək doğma Azərbaycanın müdafiəsinə qalxmasının önəmi barədə danışıb. Qeyd edib ki, Vətən müharibəsində həlak olan qəhrəmanlarımızın əziz xatirəsi hər zaman yüksək ehtiramla yad edilir. Onların Vətən uğrunda göstərdikləri şücaət unudulmur və əziz xatirələri xalqımızın qəlbində daim yaşayacaq.
Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların əzizləri ilə həmrəy olduqlarını bildirib. Müasir Azərbaycanın milli və dini dəyərlərə dərin hörmətlə yanaşıldığı, dini sahənin dövlət səviyyəsində qayğı və himayə ilə əhatə olunduğu nümunəvi bir ölkə olduğunu deyib. O, Azərbaycana daim çiçəklənmə və inkişaf arzu etdiyini vurğulayıb.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib, vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.




















