Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.04.2017

Vəndam qəsəbəsində "Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda tədbir keçirilib

Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qəbələ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Qəbələnin Vəndam qəsəbəsində "Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda tədbir keçirilib.
Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dini qurumlarla iş üzrə şöbənin tərkibində Dini təhsil sektorunun müdiri Anar Əlizadə, əməkdaşı Namiq Talıbov, Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Ceyhun Rüstəmov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov rayondakı dini durum barədə məlumat verib. Bildirib ki, Azərbaycan etnik və dini tolerantlığın nümunəvi modeli kimi hazırda bütün dünyaya örnək sayılır. Əsrlərdir ki, ölkəmizdə məskunlaşan onlarla azsaylı xalq və etnik qrup sülh şəraitində birgəyaşayışın,  etnomüxtəlifliyin zəngin sintezinin, multikulturalizmin və mədəni mübadilənin mükəmməl nümunəsini  beynəlxalq ictimaiyyətə sərgiləyir.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov məruzəsində dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları, dünyada baş verən siyasi proseslərin dini radikalizmə təsiri barədə məlumat verib. Azərbaycan dövlətinin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlərdən bəhs edən şöbə müdiri, eyni zamanda, gənclərin, ziyalıların və din xadimlərinin dini radikalizmlə mübarizədə fəal olmalarının vacibliyindən söz açıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev radikal dini qrupların zərərli təbliğatının qarşısının alınması, onlara qarşı səmərəli mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində görülən işlər barədə məlumat verib.
DQİDK-nın əməkdaşı Namiq Talıbov dini radikalizmə qarşı mübarizədə maarifləndirmə istiqamətində görülən işlərin əhəmiyyətinə toxunub.
Sonda tədbir iştirakçılarının təklif və tövsiyələri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.