Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.09.2016

Varşavada ATƏT-in İnsan ölçüsü üzrə illik görüşü keçirilib

19-30 sentyabr tarixlərində Polşanın paytaxtı Varşavada ATƏT-in İnsan ölçüsü üzrə illik görüşü keçirilib. ATƏT-in İnsan ölçüsü üzrə növbəti görüşündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov iştirak edib.
60-a yaxın ölkədən dövlət və hökumət rəsmilərinin, beynəlxalq təşkilat və QHT nümayəndələrinin qatıldığı görüşün gündəliyinə tolerantlıq və multikulturalizm, diskriminasiya, eləcə də fikri, əqidə, din və inanc azadlıqları kimi məsələlər daxil edilib. ATƏT-in İnsan ölçüsü üzrə illik görüşünün fundamental insan hüquqlarına həsr edilmiş sessiyalarında çıxış edən Komitə nümayəndəsi Azərbaycanda tarixən formalaşmış tolerantlıq ənənələri və multikultural dəyərlərlə yanaşı, bu istiqamətdə aparılan dövlət siyasətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Eyni zamanda, görüşdə Azərbaycanın dövlət-din münasibətlərindən danışan Rəfi Qurbanov ölkədə bu sahədə aparılan islahatlara diqqət çəkərək, Azərbaycanda tolerant və multikultural mühitin möhkəmlənməsi üçün qanunvericilik bazasının beynəlxalq hüquq norma və prinsiplərinə uyğun təkmilləşdirilməsini vurğulayıb. O, bəzi beynəlxalq qurumlar tərəfindən Azərbaycana qarşı qərəzli münasibətin göstərilməsini ikili standard kimi qiymətləndirib, Azərbaycan hökumətinin tolerantlığın təşviqi və qorunması istiqamətində yürütdüyü siyasətin ATƏT tərəfindən qiymətləndirilməsini, öyrənilməsini və tətbiq edilməsini təklif edib.