Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.10.2017

Uşaqların tərbiyə və təhsil hüquqlarının qorunması müzakirə edilib

Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və Hacıqabul rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Hacıqabul rayonu 8 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Çağdaş cəmiyyətimizdə uşaqların tərbiyə və təhsil hüquqlarının qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Natiq Əhmədov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev və məktəb şagirdləri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev dövlətin uşaqlara qayğısı, onların təlim və tərbiyəsinə verdiyi önəm barəsində danışıb. O, həmçinin Heydər Əliyev Fondunun uşaqların tərbiyəsi və təhsili istiqamətində fəaliyyəti barədə də geniş məlumat verib.
Ardınca çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Natiq Əhmədov ölkəmizdə “Uşaq Hüquqları Haqqında” Qanunun müvafiq müddəalarının tətbiqi barədə məlumat verib. O, bildirib ki, Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq uşaq və yeniyetmələrə hüquq normalarının öyrədilməsi çox mühüm məsələdir. Çünki öz hüquqlarını yaxşı bilən, lazım gəldikdə ondan istifadə etməyi bacaran vətəndaş doğma Vətənini daha yaxşı sevir, vicdanlı olur, milli-mənəvi dəyərlərini, həm də öz mənliyini qoruya bilir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.