“Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliyimiz” mövzusunda seminar-müşavirə keçirilib
Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax rayonunda “Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliyimiz” adlı seminar-müşavirə keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, QMİ-nin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, Qax Rayon Təhsil Şöbəsinin metodisti Leyla Rzayeva, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı uşaq hüquqlarının qorunmasında valideynlər və ictimaiyyət qarşısında duran hüquqi və mənəvi öhdəliklərimizdən bəhs edilib, 20 noyabr 1989-cu il tarixində Uşaq hüquqlarının qorunmasına dair BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyası”, həmçinin, Ümummilli Lider Heydər Əliyevin 24 avqust 1998-ci il tarixli fərmanına əsasən təsdiq edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri haqqında və son dövrlərdə bu sahədə aparılan işlər barəsində qısa məlumat verilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


