02.11.2017
“Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər davam etdirilir
Noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Günəşli kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib.
“İslamda uşaq hüquqları” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov və nümayəndəsi Anar Rəhimov, məktəbin direktoru Qurban Ağayev, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov ölkəmizdə uşaq hüquqlarının müdafiə olunması məqsədi ilə mühüm qanun və proqramların qəbul olunmasından danışıb. O, uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat verib.
Lerik RİH başçısı Aparatının nümayəndəsi Rafiq Əzizov uşaq hüquqlarının müdafiəsinin və uşaqların milli-mənəvi ruhda tərbiyə edilməsinin əhəmiyyətindən, Anar Rəhimov isə uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olması haqqında danışıblar.
Daha sonra DQİDK-nın sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
.jpg)



