“Uşaq hüquqları aylığı” çərçivəsində Astarada tədbir keçirilib
Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon Təhsil Şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Astara şəhər 3 nömrəli tam orta məktəbində “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Mərkəzin əməkdaşı Xalid Şəmili, Astara Rayon Təhsil Şöbəsinin məsləhətçisi Baloğlan Əliyev, Astara şəhər 3 nömrəli tam orta məktəbin direktoru Adil Rzayev, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Adil Rzayev çıxışında uşaq hüquqlarının müdafiəsi sahəsində keçirilən bu cür tədbirlərin, onların təlim-tərbiyəsində və onların cəmiyyət üçün yaralı bir fərd kimi yetişməsində böyük rol oynadığını bildirib.
İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında uşaqların hüquq və vəzifələrindən geniş bəhs edib. Z.İsmayılov Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə hər il “Uşaq hüquqları aylığı”nın elan edildiyini və bununla bağlı bütün ölkə ərazisində tədbirlərin keçirildiyini vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə çıxışında zərərli vərdişlər və onların fəsadlarından geniş bəhs edərək, gəncləri zərərli vərdişlərdən uzaq olmağa və sağlam həyat yaşamağa çağırıb.
Astara Rayon Təhsil Şöbəsinin məsləhətçisi Baloğlan Əliyev təhsilin, elmin uşaqların həyatında böyük rol oynadığını, gənc nəslin formalaşmasında bu cür maarifləndirici tədbirlərin mühüm əhəmiyyətini diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
