Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.06.2021

"Ümummilli Lider Heydər Əliyevlə başlanan Qurtuluş tarixi” mövzusunda videokonfrans keçirilib

İyunun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Ümummilli Lider Heydər Əliyevlə başlanan Qurtuluş tarixi” mövzusunda videokonfrans keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı, Yevlax şəhər Gİİ rəisi Bünyamin Musayev, Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax üzrə nümayəndəliyinin rəhbəri Rafiq Məmmədov, təşkilatçı qurumun əməkdaşları və rayonun fəal gəncləri  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev qeyd edib ki, XX əsrdə Azərbaycanın ikinci dəfə qazandığı müstəqilliyinin memarı məhz Ulu Öndər Heydər Əliyev olub. Natiq Əfəndiyev müstəqilliyin ilk illərində hakimiyyəti zorla ələ keçirmiş AXC-Müsavat birliyinin səriştəsizliyinin Azərbaycan dövlətini təhlükə altına aldığını, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbini geri çevirməyərək, ölkənin ən ağır günlərində Bakıya gələrək dövləti yaranmış çətin vəziyyətdən çıxardığını diqqətə çatdırıb. 15 İyun Milli Qurtuluş gününün xalqımızın müstəqillik tarixinin başlanğıc günü olduğunu bildirən şöbə müdiri, bundan sonra da tarix var olduqca xalqımızın bizlərə bu günü bəxş edən dahi Öndəri unutmayacağını diqqətə çatdırıb. Şöbə müdiri ölkəmizdə Ulu Öndərin əsasını qoyduğu siyasi kursun bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

Daha sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax üzrə nümayəndəliyinin rəhbəri Rafiq Məmmədov Azərbaycanın işıqlanan gələcəyinin məhz Qurtuluş tarixindən başladığını diqqətə çatdıraraq, Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın regionun aparıcı dövlətləri sırasında yer aldığını, dağılmış iqtisadiyyatın bərqərar olduğunu bildirib.

Çıxış edən digər tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin tarixində qoyduğu silinməz izlərdən geniş söhbət açaraq bildiriblər ki, Azərbaycan adlı müstəqil bir dövlət bizlərə və bütün gələcək nəsillərə Ulu Öndər Heydər Əliyevin ən böyük tarixi əmanətidir və bizlər bu əmanəti hər zaman qorumalıyıq.