Ümummilli Liderimiz Heydər Əliyevin vəfatının 12-ci il dönümü münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə Şəki İslam Mədrəsəsində təhsil alan bir qrup şagirdlərin şəhərdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.
Komitənin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxış edərək bildirib ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın ən çətin və ağır vaxtında xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlib, ölkəmizi vətəndaş müharibəsindən, böhrandan xilas edib, stabilliyin və inkişafın əsasını qoyub.
Sonra ekskursiya iştirakçıları Ümummilli Liderimizin həyatı və fəaliyyətini əks etdirən şəkillərə tamaşa edərək, Ulu Öndərin Vətən qarşısında misilsiz xidmətləri haqqında geniş məlumat əldə ediblər.