Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.12.2017

Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət

Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda keçiriləcək “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın iştirakçıları dekabrın 20-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə güllər qoyulub.
Daha sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Azərbaycan paytaxtının mənzərəsini seyr edən konfrans iştirakçılarına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.