“Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda videokonfrans keçirilib
Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusunda videokonfrans keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli, YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev, “Kür” qəzetinin baş redaktoru Əminə Əhmədova, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, məktəb direktorları və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət və müdrik dövlət xadimi olduğunu qeyd edərək bildirib ki, bu gün müstəqil Azərbaycan dövləti Heydər Əliyev şəxsiyyətinin bizlər üçün ən böyük mirasıdır. F.Vaqifli ölkəmizin dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəldiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdiyi illərdə yaşadığı durumu bir daha xatırlayaraq, ölkədə xaosun, anarxiyanın, özbaşınalığın baş alıb getdiyi, torpalarımızın ermənilər tərəfindən işğal edildiyi, Azərbaycan adlı dövlətin varlığının sual altında qaldığı bir zamanda xalqın səsinə səs verən dahi şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni bir mərhələnin əsasının qoyulduğunu və bu tarixi günün xalqın həyatında Milli Qurtuluş Günü olduğunu qeyd edib.
“Kür” qəzetinin baş redaktoru Əminə Əhmədova Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanı, öz xalqını, torpağını hər şeydən üstün tutduğunu və Azərbaycanın bir dövlət olaraq dünyada tanınmasını, yeri və rolunun möhkəmlənməsini özü üçün yeganə həyat amalı seçdiyini diqqətə çatdırıb.
Mövzu ilə bağlı digər çıxış edənlər də fikirlərini bildirib, Ümummilli Lider Heydər Əliyev şəxsiyyətindən bəhs ediblər.



