Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.05.2016

“Ulu Öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Mayın 3-də Bakı Slavyan Universitetində (BSU) bu ali məktəbin, Təhsil Nazirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev bu ali məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasına həsr edilən konfransların təşkilinin artıq ənənəyə çevrildiyini söyləyib. Qeyd edilib ki, dövlət səviyyəsində və geniş miqyasda təşkil olunan bugünkü tədbir Ulu Öndərin anadan olmasına həsr edilən yeddinci konfransdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nda da bu konfransın təşkili nəzərdə tutulur. 330 yerli və xarici alimin məqalələrinin qəbul olunduğu, çox sayda plenar və bölmə iclaslarının keçirilməsi nəzərdə tutulan konfransda 10 ölkədən 21 qonaq iştirak edir.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev bildirib ki, belə bir gündə həmrəylik nümayiş etdirərək birlikdə olmağın zövqü və mənası tam başqadır. Bu, həm xalqı birləşdirən mahiyyətdir, həm də xalqın ətrafında onun dostlarını birləşdirən hadisədir. Bundan çıxış edərək Azərbaycana məhz Ulu Öndərin anadan olması münasibətilə təşkil olunan bu konfransa xarici ölkələrdən gəlmiş bütün qonaqlarımızı bir daha salamlayıram. Bu tədbirin keçirilməsində məsul olan bütün qurumların rəhbərliyinə səmimi qəlbdən öz təşəkkürümü bildirirəm. Bu konfrans bizim elmi, intellektual gücümüzü bir araya gətirən mühüm tədbirdir. Təsadüfi deyil ki, bu tədbir dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nda xüsusi yeri olan bir tədbirdir. Bu bir daha onu göstərir ki, konfransın ən yüksək səviyyədə keçirilməsi təqdir və təşviq edilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm əsrlər boyunca Azərbaycan xalqının tarixi yaddaşında həmişə mövcud olan sosial-mənəvi dəyər kimi yaşayıb. Multikulturalizmin bu il bu şəkildə siyasi nöqteyi-nəzərdən təqdir və təsdiq edilməsi, müvafiq Sərəncamla bu ilin “Multikulturalizm ili” elan edilməsi əlbəttə ki, xalqın bu istiqamətdə qazandığı böyük təcrübəyə verilən siyasi qiymətdir. Bu siyasi qiymətin əsasını isə Ulu Öndər Heydər Əliyev qoyub. Məhz buna görə Ümummilli Lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir. Azərbaycan müstəqilliyinin ilk dövründə Ulu Öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi. Öz siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çox mədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə, siyasət müstəvisinə keçirdi. Ümummilli Lider Heydər Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insanların hüquq və azadlıqlarının qorunmasından irəli gəldiyini göstərirdi.
Dövlət müşaviri vurğulayıb ki, hazırda Azərbaycan multikulturalizmi fənninin dünyanın 13 aparıcı ali təhsil ocağında tədrisi o deməkdir ki, bizim tariximiz, psixologiyamız, ədəbiyyatımız, mənəviyyatımız, həqiqətlərimiz 13 universitetin gənclərinin beyninə, yaddaşına köçürülür. Bu gün dünyanın müxtəlif yerlərindən və Azərbaycanın fərqli bölgələrindən gələn çox sayda qurum və təşkilatların nümayəndələri öz gəlişləri ilə Ümummilli Liderin birlik, bərabərlik ideyalarının ətrafında sıx birləşdiklərini nümayiş etdirirlər. Bu gün öyrənmək və öyrətmək günüdür. Bakı Slavyan Universitetinin yaradılması Ulu Öndər Heydər Əliyevin ideyasıdır. Hazırda bu ali məktəb fəaliyyəti ilə Ümummilli Liderin xatirəsinə olan hörmət və ehtiramını nümayiş etdirir.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, çoxlu xarici qonaqların da iştirak etdikləri bu möhtəşəm konfransın təşkili Azərbaycanda multikulturalizm ideyalarının nümayişi və təntənəsidir. Multikulturalizm hansısa Avropa ölkələrində iflasa uğramış ola bilər, amma Azərbaycanda bu, həyat tərzidir. Azərbaycan xalqı əsrlər boyu multikultural dəyərlərə istinad edərək yaşayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransı Ümummilli Liderin doğum gününə böyük töhfə kimi dəyərləndirib. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan üçün çox böyük siyasi irs qoyub. Bu konfrans görkəmli dövlət xadiminin irsinin həm multikultural və tolerant dəyərlər, həm də digər istiqamətlərdən tədqiqi baxımından böyük əhəmiyyətə malikdir. Çox sevindirici haldır ki, Ulu Öndərin multuikulturalizm istiqamətində vaxtilə həyata keçirdiyi bu siyasət Azərbaycanla məhdudlaşmır. Bu siyasət indi bütün dünyaya sirayət edən bir siyasət kimi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə öz töhfələrini verir və Ulu Öndərin siyasətinin məntiqi davamıdır.
Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bu cür mötəbər konfransın təşkilini Ümummilli Liderin ruhuna böyük sevginin tərənnümü kimi səciyyələndirib.
Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriu beynəlxalq elmi konfransın təşkilatçılarını belə əhəmiyyətli tədbiri yüksək səviyyədə keçirdiklərinə görə təbrik edib. A.Qriqoriu bu gün dünyada artmaqda olan rasizm, ksenofobiya və terrordan qurtulmağın yeganə çıxış yolunun multikulturalizm olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycan dövlət siyasətində multikulturalizmin aparıcı yer aldığı qabaqcıl ölkələrdəndir. Bu istiqamətdə ilk siyasi qərarları isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qəbul edib və həyata keçirib. Torpağının 20 faizi işğal olunmuş və ərazisində bir milyondan artıq qaçqın və məcburi köçkünün məskunlaşdığı bir ölkənin hazırda da multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətinə çevirməsi bu dövlətə və hökumətə olan hörməti daha da artırır. Keşmiş SSRİ-nin tərkibində yerləşən respublikalardan Azərbaycan yeganə ölkədir ki, ərazisində müxtəlif etnik mənşəyə və fərqli dinə mənsub onlarla xalqın nümayəndəsi heç bir problem olmadan, qardaşcasına yanaşı yaşayırlar. Təsadüfi deyil ki, Azərbaycan dünyanın ən tolerant ölkələri siyahısında ilk beşlikdə yer alır. Azərbaycanın əsrlərə söykənən tolerantlıq ənənələri və multikultural dəyərləri bu gün bütün dünyaya nümunədir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda təşkili Azərbaycanda həyata keçirilən mulıtikulturalizm siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən böyük qiymətdir.
ABŞ-ın Kaliforniya ştatının Pravoslav kilsəsinin pasteri X.Mendes Azərbaycanda müşahidə etdiyi tolerantlıq ənənələri və multikultural durum haqqında düşüncələrini bölüşüb və konfransın təşkilini yüksək dəyərləndirib.
BBMM-in Moskva filialının rəhbəri Nataliya Krasovskaya Rusiya Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
B.Yeltsin adına Ural Federal Universitetinin professoru Aleksandr Nesterov Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə uğurlu multikultural siyasət həyata keçirdiyi üçün minnətdarlığını bildirib. Qeyd olunub ki, multikulturalizm min illərdir insan cəmiyyətində mövcuddur. Ancaq ənənəvi multikulturalizmin dövlət siyasəti xətti kimi həyata keçirilməsi baxımından Azərbaycan hökumətinin təşəbbüsləri və həyata keçirdiyi işlər təqdirəlayiqdir.
Azərbaycan Rus icmasının sədri, BBMM-in Himayəçilik Şurasının üzvü, Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanda fərqli dinə mənsub insanların, müxtəlif etnik qrupların öz milli və dini bayramlarını təntənə ilə qeyd etmələri üçün dövlət səviyyəsində şərait yaradıldığını bildirib, Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb.
Azərbaycandakı dağ yəhudiləri icmasının sədri Milix Yevdayev bugünkü tədbiri Azərbaycan həqiqətlərinin canlı təzahürü kimi dəyərləndirib.
Plenar iclasdan sonra konfrans işini “Heydər Əliyev irsi və Azərbaycan multikulturalizm modeli”, “Müasir Azərbaycanda multikultural cəmiyyət”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında” bölmələri üzrə davam etdirib.
Konfrans mayın 5-də başa çatacaq.