02.06.2017
Ucarda “Sağlam gələcək naminə zərərli vərdişlərə qarşı birgə mübarizənin vacibliyi” mövzusunda tədbir keçirilib
İyunun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin, Ucar Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Ucar şəhər 4 saylı tam orta məktəbdə “Sağlam gələcək naminə zərərli vərdişlərə qarşı birgə mübarizənin vacibliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqların müdafiəsi üzrə komissiyanın məsul katibi Şükür Məmmədov, Rayon Polis Şöbəsinin narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Elnur Mayılov, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ucar RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqların müdafiəsi üzrə komissiyanın məsul katibi Şükür Məmmədov mövzu ilə bağlı çıxış edərək zərərli vərdişlərə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və Rayon Polis Şöbəsinin əməkdaşı Elnur Mayılov zərərli vərdişlərdən biri olan narkomaniya və onun fəsadları, xüsusilə onunla mübarizə sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.