02.04.2016
Ucarda “Multikultural cəmiyətdə dini icmaların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə aprelin 1–də Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının həyata keçirdiyi “Multikulturalizm: dini ayrı-seçkilik və ekstremizmə alternativ kimi” layihəsi çərçivəsində Çiyni kəndində “Multikultural cəmiyətdə dini icmaların rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icmanın sədri Zaur Eyvazov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri Zaur Eyvazov layihə çərçivəsində həyata keçiriləcək maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycanda 2016-cı ilin cənab Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilməsi dindarlar tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanır.
Daha sonra tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev aktual bir mövzuya həsr olunmuş tədbirin əhəmiyyətindən danışaraq, ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib. Natiq qeyd edib ki, xalqımızın zəngin multikultural və onun tərkib hissəsi olan tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin sülh və əmin-amanlıq, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqları ərazi olduğunu deyən Ə.Rəfiyev xalqımızın bu ənənələrinin tarixi keçmişimizdən, mental dəyərlərimizdən qaynaqlandığını bildirib.
Bu gün ölkəmizdə mövcudiyyətini qoruyub saxlayan real tolerantlıq örnəklərindən bəhs edən Əzim Rəfiyev multikultural cəmiyyətdə dini icmaların və dindarların rolundan danışıb.
Tədbirdə çıxış edən Rauf Nəsirov, Bədəl Heydərov, Ceyhun Əliyev və Qurbanəli Qurbanov da Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin yüksək olduğunu, respublikamızın çox konfessiyalı bir ölkə olduğunu və burada tarixən müxtəlif dini və mədəni abidələrin mövcudluğunu diqqətə çatdırıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.