Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.04.2016

Ucarda “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının həyata keçirdiyi “Multikulturalizm: dini ayrı-seçkilik və ekstremizmə alternativ kimi” layihəsi çərçivəsində Çiyni kəndində “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icmanın sədri Zaur Eyvazov, dindarlar, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri Zaur  Eyvazov layihə çərçivəsində həyata keçirilmiş və keçiriləcək maarifləndirmə tədbirləri barədə tədbir iştirakçılarına məlumat verərək, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği işini daha da gücləndirmək məqsədilə maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev  tədbirdə çıxış edərək bir millət üçün ən böyük, ən qiymətli dəyərlərin onun dini, dili və tarixdən miras qalmış mədəni-mənəvi irsi olduğunu diqqətə çatdırıb.
Ə. Rəfiyev qeyd edib ki, multikulturalizm Azərbaycan xalqının tarixi ənənələrindən irəli gəlməklə milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. O bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm dövlət siyasətinə çevrilib və bu siyasət uğurlu şəkildə davam etdirilməkdədir.
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, kənd orta məktəbinin müəllimi Bədəl Heydərov və digər natiqlər də milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən söz açıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.