Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.07.2017

Ucarda “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib

İyulun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ucar şəhər “Cami” məscidi dini icması tərəfindən “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik” layihəsi çərçivəsində “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” adlı maarifləndirici tədbir keçirilib.
Ucar şəhər Gənclər mərkəzində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşları, dini icmanın sədri Ceyhun Əliyev, fəal gənclər, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbir iyulun 4-də Ermənistan tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində Azərbaycan Respublikasının döyüş bölgəsində vəfat etmiş Füzuli rayon sakini 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevanın xatirəsinin yad  edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tarixən çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda etnik və dini müxtəlifliyin ölkəmizin mili sərvəti kimi dəyərləndirildiyini qeyd edib. İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycanın müsəlman ölkələri arasında vəhdətin yaradılmasında, İslam həmrəyliyi proseslərində öndə getməyə qadir olduğunu vurğulayıb.
Daha sonra çıxış edən  Ucar şəhər “Cami” məscidi dini icmasının sədri Ceyhun Əliyev, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, fəal gənclərdən Kazım Məmmədov, din xadimləri Zaur Eyvazov və Vüsal Azayev qeyd ediblər ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi hər kəsə verilən bir mesaj rolunu oynayıb. Azərbaycanın həmişə haqq və ədalətin tərəfində olduğunu qeyd edən natiqlər bunun bariz nümunəsinin Azərbaycanda digər dinlərin nümayəndələrinin sülh və birlik şəraitində yaşamalarının olduğunu qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.