Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.07.2017

Ucarda “İslam həmrəyliyinin qarşısında duran maneələr” mövzusunda maarifləndirici tədbir keçirilib

İyulun 27-də Ucar şəhər Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ucar şəhər “Cami” məscidi dini icması tərəfindən “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik” layihəsi çərçivəsində “İslam həmrəyliyinin qarşısında duran maneələr” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşları, DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı Bəhruz Orucov, dini icmanın sədri Ceyhun Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Giriş nitqi ilə tədbiri açıq elan edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsində əsas məqsədlərdən biri də İslam həmrəyliyində Azərbaycanın özünəməxsus rolunu gücləndirməkdir.
“İslam həmrəyliyinin qarşısında duran maneələr” mövzusunda çıxış edən DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşı Bəhruz Orucov bütün səmavi dinlərin bəşərə sülh, əmin-amanlıq və mərhəmət ideyalarını təlqin etdiyini bildirib. Natiq dünyanın müxtəlif nöqtələrində səngimək bilməyən terror, insan qırğını kimi təhdidlərdən bəşəriyyətin yalnız səylərini birləşdirməklə və həmrəylik sayəsində xilas ola biləcəyini vurğulayıb.
Daha sonra Ucar şəhər “Cami” məscidi dini icmasının sədri Ceyhun Əliyev, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və digər natiqlər bu cür maaarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətindən danışıblar.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.