Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.07.2016

Ucarda “İşğal altındakı tarixi–dini abidələrimiz və erməni vandalizmi” mövzusunda tədbir keçirilib

İyulun 1-də Ucar rayonunun Mərkəzi Kitabxanasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin və rayon Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə “İşğal altındakı tarixi–dini abidələrimiz və erməni vandalizmi” mövzusunda dəyirmi masa keçirilib.Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşı Rauf Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ucar rayonu üzrə nümayəndəsi Hakim Nəcəfov, kitabxana və muzey işçiləri, dini icma sədrləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, tək azərbaycanlılar üçün deyil, bütün bəşəriyyət üçün mühüm əhəmiyyət daşıyan çoxsaylı tarixi, dini, mədəni və arxeoloji abidələrimiz işğal edilmiş ərazilərimizdə qalıb. Dövlət qurumları və fondlar tərəfindən həmin abidələr haqqında məlumatlar dünya ictimaiyyətinə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ucar rayonu üzrə nümayəndəsi Hakim Nəcəfov bildirib ki, ermənilər hazırda işğal altında saxladıqları torpaqlarımızda soydaşlarımıza qarşı amansız terror əməliyyatları aktları törədiblər. Tədbirdə, həmçinin bu ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribat nəticəsində cəbhədə baş vermiş döyüşlər zamanı Azərbaycanın  bir sıra tarixi-dini abidələrinin atəşə tutularaq dağıdıldığı və bununla əlaqədar DQİDK-nın sədrinin adından ATƏT-in Minsk Qrupunun həmsədrlərinə etiraz məktubu göndərildiyi, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar tərəfindən dünya ictimaiyyətinə müraciətlərin ünvanlandığı diqqətə çatdırılıb.