Ucarda gənclərlə maarifləndirici görüş keçirilib
Aprelin 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə gənclərlə maarifləndirmə xarakterli görüş keçirilib.
Ucar rayon Rəstəcə kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, tam orta məktəbin direktoru Rahib Rəsulov, Rəstəcə kənd məscidi dini icmasının sədri Ənvər Rəhimov, din xadimləri Elnur Rəhimov, Cavid Məmmədov, məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı İslam dininin meydana çıxdığı gündən elmə böyük dəyər verdiyi, elm öyrənməyi, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəltdiyi qeyd olunub. İslam dinində radikalizm və ekstremizmin olmadığı, tam əksinə, İslam dininin sülh, qardaşlıq, birlik dini olduğu iştirakçıların diqqətinə çatdırılıb.
Eyni zamanda gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər bu kimi zərərli meyillərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr barədə danışılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.