Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.12.2016

Ucarda dini radikalizm və onun fəsadları müzakirə olunub

Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər Evində “Dini radikalizm və onun fəsadları” mövzusunda dəyirmi-masa keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, Ucar rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Mirmehdi Heydərov, Zaur Abdullayev, Kazım Məmmədov, yuxarı sinif şagirdləri və gənclər iştirak ediblər.
Tədbirdə geniş məruzə ilə çıxış edən DQİDK-nın şöbə müdiri Əzim Rəfiyev müasir dövrümüzdə dini radikalizmin dünya miqyasında narahatlığa səbəb olan problemlərdən biri olduğunu söyləyib. Bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələrin mövcud olduğunu və  bu radikal qüvvələrin xüsusilə gəncləri öz sıralarına cəlb etməyə cəhd göstərdiklərini vurğulayıb. Dövlət Komitəsinin sifarişi ilə hazırlanan dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” filmi haqqında da qısa məlumat verən Ə. Rəfiyev, radikalizmin müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquqlarına hörmət göstərməyən, başqalarının hüquqlarını pozmaq bahasına məqsədə çatma fəaliyyəti olduğunu diqqətə çatdırıb. 
Daha sonra çıxış edən Komitənin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və digər natiqlər tarix boyu formalaşan milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının, bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışaraq gənclərin də bu ruhda tərbiyə edildiyini bildiriblər.
Sonda “Fitnə” sənədli filmi nümayiş olunub, gənclərin iştirakı ilə film ətrafında müzakirələr aparılıb.