Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.11.2016

Ucarda dini radikalizm və onun fəsadları mövzusu müzakirə olunub

Noyabrın 7-də Ucar şəhər 5 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Ucar Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlər, narkomaniya, dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin və Ucar Rayon Təhsil Şöbəsinin əməkdaşları, orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ucar rayonu üzrə nümayəndəsi, 5 saylı tam orta məktəbin direktoru Hakim Nəcəfov çıxış edərək gənclərin narkomaniya, erkən nikah, dini radikalizm və digər bu kimi zərərli meyillərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr barədə danışıb.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev  çıxışında dini radikalizm və qeyri-ənənəvi dini cərəyanlar haqqında geniş məlumat verib. Radikallığın, zərərli vərdişlərin İslam dinində qəbul edilmədiyini vurğulayaraq dini radikalizmin fəsadlarından bəhs edib.
Təhsil şöbəsinin əməkdaşları Əliyar Qəhrəmanov və Rəna Qasımova isə “Narkomaniya bəşəri problemdir” mövzusu ətrafında çıxış edərək narkomaniyanın yayılmasına və dini radikalizm hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkərək bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü vurğulayıblar.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və məktəbin müəllimi Mirəsdə Qədirova isə çıxışlarında davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, zərərli vərdişlərin fəsadları haqqında doğru təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq barədə gəncləri daha ətraflı maarifləndirmək məqsədi daşıdığını qeyd ediblər.