23.02.2017
Ucarda “Dini radikalizm – dini ekstremizm və onun fəsadları” mövzusu müzakirə olunub
Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ucar rayonu Qazıqumlaq kənd 2 saylı tam orta məktəbdə “Dini radikalizm – dini ekstremizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elburus Baxşəliyev vurğulayıb ki, dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin tətbiqi, təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ilə bağlı çıxış edərək bildirib ki, milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq, sistemləşdirilmiş ideoloji dünyagörüşünə malik olmayan gənclər nə dövlət, nə cəmiyyət, nə də özləri üçün heç bir fayda gətirə bilməyəcəklər.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, məktəbin müəllimləri Elxan Eminov və Tağı Nəbiyev bu gün narahatedici məsələlərdən birinin də dini ekstremizm olduğunu, ekstremizm, terrorizm, narkomaniya və başqa bu kimi sosial bəlalar ilə mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd ediblər.
İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir öz işini yekunlaşdırıb.