27.04.2016
Ucar və Sumqayıtda maarifləndirmə tədbirləri keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
Aprelin 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının həyata keçirdiyi “Multikulturalizm: dini ayrı-seçkilik və ekstremizmə alternativ kimi” layihəsi çərçivəsində Çiyni kəndində “Dini fanatizm və onun təzahür formaları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Ucar rayonu Çiyni kənd tam orta məktəbində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Çiyni kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, tam orta məktəbin direktoru, müəllim və tələbə kollektivi , dini icmanın sədri Zaur Eyvazov və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri Zaur Eyvazov layihə çərçivəsində həyata keçirilmiş və keçiriləcək maarifləndirmə tədbirləri barədə tədbir iştirakçılarına məlumat verərək, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği işini daha da gücləndirmək məqsədilə maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tədbirdə çıxış edərək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun bugünlərdə Bakı şəhərində keçirilməsinin dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, kənd orta məktəbinin müəllimləri Əli Əhmədov və Ələşrəf Bədəlov da milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən söz açıblar.
Nümunəvi gerçəkliyin tətbiqi və elm adamlarının bu prosesə cəlb olunması, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində təhsil işçilərinin üzərinə düşən vəzifələr haqqında qarşılıqlı fikir mübadiləsinin aparıldığı tədbir iştirakçıların suallarının cavablandırılması ilə öz işini yekunlaşdırıb.
***
Aprelin 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sumqayıt şəhər "Kotec" qəsəbə məscidi dini icmasının həyata keçirdiyi “İslamda valideyn-övlad münasibətləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev, dini icmanın sədri Mirfəyaz Fəttayev, dini icmanın üzvləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Mirfəyaz Fəttayev dövlətin dəstəyi ilə keçirilən bu tədbirlərin əhəmiyyətindən və dövlətin dinə, dindarlara göstərdiyi qayğıdan danışıb. Daha sonra tarix boyu xalqımızın formalaşmış ailə dəyərlərinin əhəmiyyətindən, bu qəyərlərin qorunub saxlanılmasında dindarların rolundan danışaraq hər bir dindarın ilk növbədə təhsilə, savadlanmağa önəm verməli olduğunu vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev günümüzün ən böyük bəlalarından biri olan dini ekstremizm barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, sağlam ailə dəyərlərinin olduğu cəmiyyətimizdə zərərli dini cərəyan mənsubları özlərinə yer tapa bilmirlər. Buna görə də bizə məxsus dəyərlərin qorunub saxlanılması istiqamətində təbliğatlara geniş yer verilməlidir. Natiq qeyd edib ki, dindarlar təbliğatlarını bu istiqamətdə qurmalı, mənəvi dəyərlərimizin qorunmağı istiqamətində səylərini əsirgəməməlidirlər.

.jpg)
.jpg)
