Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.11.2016

Ucar rayonunda "Uşaqlar bizim gələcəyimizdir" mövzusunda tədbir keçirilib

Noyabrın 5-də Ucar şəhər 1 saylı orta məktəb-liseydə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, rayon Təhsil şöbəsinin məsləhətçisi Rəna Qasımova, 1 saylı orta məktəbin direktor və müəllimləri, eləcə də şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 1 saylı orta məktəbin direktoru Səhrab Seyfəddin çıxışında uşaqların təhsil alması, mədəni-kütləvi tədbirlərdə iştirakları, öz potensiallarını göstərmək üçün yaradılan sağlam şəraitin onların inkişaf, yaşayış hüquqlarının təmini forması olduğunu diqqətə çatdırıb.
Ucar rayon Təhsil şöbəsinin məsləhətçisi Rəna Qasımova uşaq hüquqlarının qorunması və onların milli-mənəvi ruhda tərbiyə edilməsinin əhəmiyyətindən, uşaqlar hüquqlarının müdafiəsi məqsədilə yaradılmış dövlət qurumlarının nümunəvi fəaliyyətindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Rauf Nəsirov və məktəbin müəlliməsi Adilə Şıxəliyeva isə uşaq  hüquqlarının tanınması və cəmiyyətin bu hüquqlara hörmət  etməsinin mühüm əhəmiyyət kəsb edən bir məsələ olduğunu, hüquqi dövlətimizin gələcəyinin məhz bugünün uşaqlarından, bu uşaqların hüquqlarının aliliyinin təminatından asılı olmasını qeyd ediblər.
Mövzu ilə bağlı çıxış edən natiqlər Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından  dövlət səviyyəsində bütün addımların atılmaqda olduğunu diqqətə çatdırıblar.