Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
16.04.2016

Ucar rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-müşavirə keçirilib

Aprelin 15-də Ucar rayonu Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar-müşavirə keçirilib. Müşavirədə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə, Maliyyə-təsərrüfat şöbəsinin müdiri Oqtay Hüseynov, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Ucar Rayon İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd Bayramov, dini icma sədrləri, ziyalılar, ağsaqqallar, dindarlar və gənclər iştirak ediblər.
Müşavirə iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan Ucar İcra Hakimiyyətinin İctimai – siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd Bayramov rayonda dövlət və din münasibətləri istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, respublikamızda milli-mənəvi dəyərlərimizin  qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə  böyük önəm verilir. Ümummili Lider Heydər Əliyevin ardıcıl, məqsədyönlü fəaliyyəti  sayəsində dövlət-din münasibətlərinin tənzimlənməsi  prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına  nəzarət edilməsi, konfessiyalar arasında  dözümlülük ənənəsinin möhkəmləndirilməsi, milli-mənəvi abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyat keçirilib.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev geniş məruzə ilə çıxış edərək Azərbaycanda dövlət-din münasibətləri və bu istiqamətdə görülən işlər barədə geniş məlumat verib. Sadiq Mirzəyev respublikamızda  dövlət-din münasibətlərinin daha yüksək səviyyədə  tənzimlənməsi,  dini maarifləndirmə işinin  təşkili və həyata  keçirilməsi, həmçinin, dini  icmaların  cəmiyyətdə radikalizm  meyillərinin qarşısının alınması  və sosial  problemlərinin həlli prosesinə  cəlb olunması sahəsində dövlətin həyata keçirdiyi tədbirləri müşavirə iştirakçılarının nəzərinə çatdırıb.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə də tədbirdə çıxış edərək ölkəmizin zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olduğunu söyləyib. Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh, qardaşlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb.
Daha sonra DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev Ucar rayonunda dövlət-din münasibətləri sahəsində dini icmalarla aparılan qarşılıqlı əməkdaşlıqdan danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.