Türkiyədə Əskişhər Osman Qazi Universitetində keçirilən “Qafqazdan Anadoluya mədəniyyət körpülərimiz: Seyid Yəhya Bakuvi və Xəkvətilik” mövzusunda Beynəlxalq Simpozium çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun və Azərbaycan Milli Tolerantlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda tarixi məscidlərin bərpası və yeni məscidlərin inşası ilə bağlı fəaliyyətini əks etdirən və ölkəmizdə islam memarlığının, islam dininin yayılmasını tərənnüm edən “Azərbaycan - İslam mədəniyyətinin incisi” adlı fotosərgi açılıb.
Sərginin açılış mərasimində DQİDK sədrinin müavini Gündüz İsmayılov, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun icraçı katibi Elməddin Mehtiyev və Türkiyənin bir sıra rəsmi şəxsləri çıxış edərək bildirmişlər ki, sərgidə nümayiş etdirilən məscidlərə təkcə ibadət evi kimi baxmaq doğru deyildir. Məscidlərin arasında elələri var ki, onlar Azərbaycan xalqının tarixən mənəvi ocağı olmuşlar. Bu baxımdan onlar xalqımızım daşlaşmış yaddaşıdır. Məsələn, 1918-ci ildə erməni-daşnaq quldur dəstələri Təzəpir məscidi yandırmaq istəyiblər. Bakının xilaskarı Nuru Paşa bu məsciddə şəhər sakinləri ilə görüşüb, 20 Yanvar şəhidləri bu məsciddə yuyularaq kəfənlənib.
Qeyd edilmişdir ki, Cənubi Qafqazın ilk məscidi, 1918-ci ildə xalqımıza qarşı həyata keçirilmiş soyqırımı zamanı erməni daşnak-bolşevik hərbi birləşmələri tərəfindən yandırılaraq yerlə-yeksan edilmiş Şamaxı Cümə məscidi Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən bərpa edilərək yenidən qurulmuş və bu ilin may ayında təntənəli açılışı olmuşdur. O da xüsusi olaraq vurğulanıb ki, məscidin bərpası Azərbaycan xalqı, o cümlədən bütün dindarlar üçün təkcə ibadət evinin yenidən qurulması deyil, həm tariximizin, həm milli irsimizin, həm də milli təfəkkürümüzün qorunmasıdır.
Qeyd edək ki, sərgi 1 həftə ərzində Əskişhər Osman Qazi Universitetində ziyarətçilərə açıq olacaqdır.