10.04.2017
Türkan qəsəbəsində maarifləndirici tədbir baş tutub
Aprelin 10-da Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Xəzər rayonu,Türkan qəsəbəsində yerləşən şəhid Dərdayıl Cəbrayılov adına 119 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Dünyəvi dövlətdə din və milli birlik” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov, Aslan Sultanov, məktəbin direktoru Mətanət Mayılova, eləcədə məktəbin müəllim və şagird heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru M.Mayılova məktəblərdə bu mövzuda maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyətindən danışıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Aslan Sultanov çıxışlarında gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılması üçün faktlar əsasında çəkilən “Fitnə” filminin önəmini qeyd ediblər. Eyni zamanda məruzələrində Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, dostluq və qardaşlıq içində yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından və dövlətimizin bu dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən bəhs ediblər.
Sonda müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.