23.11.2017
Tovuzda “Terrorizmə, ekstremizmə və dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
Noyabrın 23-də Tovuz rayon Gənclər və İdman İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Terrorizmə, ekstremizmə və dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tovuz rayon Gənclər Evində baş tutan tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Baxşəliyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, eyni zamanda ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramında ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində görülən işlərdən, həmçinin bu proqramda nəzərdə tutulan gənclərin potensialından dövlətimizin inkişafı istiqamətində istifadə olunması ilə bağlı məsələlərdən danışıb.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev çıxışında terrorizmin, dini radikalizm və ekstremizmin zərərlərindən və onlara qarşı mübarizədə gənclərin rolundan danışıb.
Daha sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi göstərilib.