Tovuzda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilir
“Azərbaycan regionda iqtisadi gücü ilə fərqləndiyi kimi, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində də ciddi uğurlara imza atıb.” Bu fikir bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfransda səsləndirilib.
Tovuz Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK və RİH-in rəhbər şəxsləri, rayondan seçilmiş millət vəkili, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin, ictimaiyyət fəalları iştirak ediblər.
Regional konfransı giriş sözü ilə açan RİH-in başçısı Məmməd Məmmədov bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq dini sahəyə daim diqqət və qayğı göstərilir. M.Məmmədov Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin balanslaşdırılmış siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda iqtisadi gücü ilə fərqləndiyi kimi, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində də ciddi uğurlara imza atır. Komitə sədri vurğulayıb ki, dövlətin dini icmalara göstərdiyi qayğı gündən-günə artmaqdadır. Böyük tarixə malik məbədlərin təmir və bərpası davam etdirilir, dini ayinlərin icrası üçün yüksək şərait yaradılır.
Çıxışında dinin siyasiləşdirilməsinin fəsadları barədə də danışan Mübariz Qurbanlı diqqətə çatdırıb ki, terrorçuluğun dini olmadığı kimi, radikallığın da dini yoxdur. Bu baxımdan, istənilən dini-ideoloji baxışları konteksdən çıxararaq zorakı və aqressiv şəkildə təqdim etmək olar. Hamımız bilirik ki, İslamın mütərəqqi dünyabaxışı, həyat fəlsəfəsi qətiyyən zorakılığı, radikallığı təbliğ etmir. İslam dini müqəddəsdir və onun əsas mahiyyəti sülhdür, dostluqdur. Onun sözlərinə görə, bəzi din adı altında fəaliyyət göstərən qüvvələr öz siyasi, yaxud digər maraqları çərçivəsində dini baxışları radikal formada təqdim edir, ekstremizmə rəvac verirlər. DQİDK sədri bu cür mənfi təzahürlərin qarşısının alınmasında dini maarifləndirmənin xüsusi əhəmiyyətə malik olduğunu deyib.
Milli Məclisin deputatı Qənirə Paşayeva Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə sahəsində həyata keçirdiyi tədbirlərin önəminə toxunub. İslam dininin olduğu kimi, sağlam əsaslarla gənclərə təbliğ edilməsinin vacibliyini vurğulayan millət vəkili bunun əksinin cəmiyyətdə bir çox fəsadlara səbəb olduğunu deyib. O qeyd edib ki, son dövrlər bəzi müsəlman ölkələrində baş verən münaqişələr dini radikalizm, məzhəb ayrı-seçkiliyi və xurafatdan qaynaqlanır. Ölkəmizdə milli-mənəvi və dini dəyərlərimizə yad olan ideologiyaların təbliğinin yolverilməz olduğunu dilə gətirən Q.Paşayeva cəmiyyətin düzgün dini biliklərlə məlumatlandırılmasının dini radikal qrupların təsirindən qorumaq baxımından olduqca əhəmiyyətli olduğunu bildirib. Millət vəkili, həmçinin Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən bəhs edib, ölkəmizin nümunəvi tolerantlıq modeli nümayiş etdirdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, müzakirələrlə yekunlaşan konfrans işini mayın 22-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.