13.04.2017
Tolerantlıq milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir
Aprelin 13-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Göygöl Rayon İcra Hakimiyyəti (RİH), Göygöl rayon Gənclər və İdman idarəsi və Göygöl rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Tolerantlıq milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir” mövzusunda tədbir keçirilib.
Göygöl şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, şöbənin əməkdaşı Orxan Seyidov, Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini - dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, Göygöl rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov, Göygol rayon Təhsil şöbəsinin əməkdaşları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini - dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov giriş sözü ilə açaraq qeyd edib ki, öləmizdə milli-mənəvi dəyərlərlə yanaşı, tolerantlıq ənənələrinə də böyük önəm verilir və bu ənənələr xalqımızın milli-mənəvi dəyərlərinin tərkib hissəsidir.
Sonra çıxış edən DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev Prezident İlham Əliyevin bu ili “İslam Həmrəyliyi İli” elan etməsinin dünyaya bir mesaj olduğunu vurğulayaraq, ölkəmizin tolerantlıq və multikultural dəyərlərinin dünyaya nümunə olduğu kimi İslam həmrəyliyi çağırışının da dünyaya örnək olacağını bildirib.
Göygöl rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov mövzu ilə bağlı çıxışında qeyd edib ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması məzhəblərarası münaqişələrin tüğyan etdiyi müsəlman ölkələri üçün örnək olmalıdır.
Çıxış edən natiqlər tarixən Azərbaycanda mövcud olan multikultural və tolerant dəyərlərin inkişaf etdirilməsi və gələcək nəslə ötürülməsinin vacibliyindən bəhs edib, “İslam Həmrəyliyi İli”, o cümlədən qarşıdan gələn IV İslam Həmrəyliyi Oyunları çərçivəsində milli-mənəvi dəyərlərimizin geniş təbliğinin əhəmiyyətini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.